İQTİSADİYYAT


Tbilisidə aviasiya təhlükəsizliyinin təmin olunması məsələsi müzakirə olunub

A+ A

Tbilisi, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Tbilisidə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Parisdəki nümayəndəliyinin təşkilatçılığı ilə “Aviasiya təhlükəsizliyi” mövzusunda beynəlxalq seminar keçirilib.

Tədbirin əsas məqsədi dövlətlərin ərazilərindəki aeroportlarda aviasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi yollarını və metodları müzakirə etmək olub.

Mərkəzi Asiya və Şərqi Avropa ölkələri ekspertlərinin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının Aviasiya Təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev təmsil edib.

M.Əliyev seminarda çıxış edərək Azərbaycanda aviasiya təhlükəsizliyinin – sərnişinlərin, yüklərin, aviasiya işçilərinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, dövlətimizin bu məsələyə xüsusi diqqət yetirdiyini bildirib.

M.Əliyev AZƏRTAC-a müsahibəsində deyib: “Seminar əsasən aviasiya təhlükəsizliyi problemlərinə həsr olunub. Burada ICAO-nun ekspertlərinin təqdim etdikləri sənədlər müzakirə olunub. Bu sənədlərin gələcəkdə ICAO-nun aviasiya təhlükəsizliyinə dair 17-ci və formallığın sadələşdirilməsinə dair 9-cu əlavələrinə uyğunlaşdırılması məsələlərinə baxılıb”.

Seminarda, eyni zamanda, Mərkəzi Asiya və Şərqi Avropa dövlətlərinin ekspertlərinin təklifləri, Qazaxıstanda və Parisdə keçirilmiş seminarlarda qaldırılmış məsələlərə baxılıb. Həmin təkliflər əsasən aviasiya təhlükəsizliyinin təminin olunması, təhlükəsizlik tədbirlərinin genişləndirilməsi və gücləndirilməsi, eyni zamanda dövlət tərəfindən bu məsələlərə maliyyə vəsaitinin ayrılmasına nail olunması ilə əlaqədardır.

Mübariz Əliyev bildirib ki, son illər, xüsusən də 2016-cı ildə baş vermiş terror aksiyaları bütün dövlətləri ciddi narahat edir. Ona görə də biz bu problemin həllinə nail olmaq üçün müxtəlif yollar axtarırıq.

Şöbə müdirinin sözlərinə görə, terror aktlarının bəziləri hava limanlarının nəzarət olunmayan hissələrində baş verib. Nəzarət edilməyən zonalara insanların sərbəst şəkildə keçmək imkanları olan sərnişin terminalları, bu terminalların qarşısı və sair ərazilər daxildir. 2011-ci ildə Moskvanın Domodedovo aeroportunda baş vermiş terror aktından sonra bütün ölkələr aeroportların girişinə nəzarəti gücləndirdi. Brüssel və İstanbul aeroportlarında törədilən partlayışlar və terror hücumları aviasiya təhlükəsizliyi tədbirlərinin nəinki nəzarət edilən zonalarda, həmçinin nəzarət edilməyən zonalarda gücləndirilməsi zərurətini yaratdı. Bunun üçün də dövlətlər bu məsələyə kifayət qədər diqqət ayırmalı, aeroportlara maliyyə dəstəyi göstərilməlidir. Lakin, təəssüf ki, hələ də bəzi dövlətlər bu məsələyə yetərincə diqqət yetirmirlər.

Seminarda aviasiya təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bu və digər məsələlər diqqət mərkəzində olub.

“İnanırıq ki, aviasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsinin bütün dövlətlər tərəfindən məcburi qaydada həyata keçirilməsi məsələsi öz həllini tapacaq”, - deyə, M.Əliyev vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.