SİYASƏT


Tbilisidə beynəlxalq təhlükəsizliklə bağlı konfransda Ermənistan-Azərbaycan münaqişəsi barədə danışılıb

Tbilisi, 20 aprel, AZƏRTAC

Tbilisidə Cənubi Qafqazda təhlükəsizlik mövzusunda IV beynəlxalq konfrans keçirilir.

Konfransda Cənubi Qafqazda, Qara dəniz regionunda münaqişələr, Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” siyasətinin perspektivləri və s. məsələlər müzakirə olunur.

Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Yekaterina Metreveli tədbiri açaraq bildirib ki, bu gün Cənubi Qafqazdakı mövcud münaqişələr regionun inkişafına maneə olmaqla yanaşı, daha ciddi problemlərin yaranmasına gətirib çıxara və Avropada təhlükəsizliyə təhdid ola bilər. Konfransın məqsədi bu münaqişələrin həlli yollarını araşdırmaq və beynəlxalq ictimaiyyətin birgə səyləri nəticəsində onun həllinə nail olmaqdır.

Slovakiyanın STRATPOL İnstitutunun direktoru Riçard Turcsanyi çıxışında diqqəti Avropada təhlükəsizlik məsələlərinə yönəldib, Cənubi Qafqazda, Ukraynada və digər regionlarda mövcud olan münaqişələrin ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili konfransda çıxış edərək Avropanın enerji təhlükəsizliyinin təminində Cənubi Qafqazın rolunu xüsusi qeyd edib. Bildirib ki, bu gün Cənubi Osetiya və Abxaziya, Dağlıq Qarabağ münaqişələri nəinki Cənubi Qafqazda, bütövlükdə Avropada təhlükəsizliyə təhdiddir. Dünya birliyi bu məsələlərə xüsusi diqqət yetirməli və münaqişələr tezliklə öz həllini tapmalıdır.

Konfransda Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev çıxış edib. O, Cənubi Qafqazda mövcud olan münaqişələr, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, rəsmi Bakının bu məsələdəki prinsipial mövqeyini diqqətə çatdırıb. Bildirib ki, 2016-cı ilin aprelində qoşunların təmas xəttində baş vermiş hadisələr bir daha göstərdi ki, Azərbaycan qısa bir vaxt ərzində öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Lakin sülh tərəfdarı olduğu üçün rəsmi Bakı münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır. Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə danışan C.Vəliyev deyib ki, bu ölkədə separatçı rejimin hakimiyyətdə qalması münaqişənin həllinə ciddi maneədir.

Konfrans aprelin 21-də işini davam etdirəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.