CƏMİYYƏT


Tbilisidə dini azlıqların problemləri müzakirə olunub

Tbilisi, 15 may, AZƏRTAC

Mayın 15-də Tbilisidə Gürcüstanın Ombudsmanı yanında Dini Şuranın təşəbbüsü ilə bu ölkədə yaşayan etnik azlıqların dini məsələlərlə bağlı problemlərinə həsr olunmuş konfrans keçirilib.

Ombudsman Uça Nanuaşvili tədbiri açaraq bildirib ki, hər bir insan dinindən, dilindən və milliyətindən asılı olmayaraq bərabər hüquqlara malikdir. Onların hüquqları qanunla qorunur. Gürcüstan qanunvericiliyində insanların bütün hüquqları, o cümlədən dini əqidə azadlıqları toxunulmazdır. Lakin bəzi hallarda onların bu hüquqları pozulur. Tədbirin əsas məqsədi həmin məsələləri müzakirə etmək və problemlərin həlli yollarını tapmaqdır.

Konfransda xristian, İslam və digər dini icmaların nümayəndələri üzləşdikləri problemlərdən danışıb, təkliflər irəli sürüblər. Batumi şəhər merinin müsəlmanlara məscid tikmək üçün icazə verməməsi məsələsi də diqqət mərkəzində olub. Meriyanın bu addımının ümumilikdə Gürcüstanın demokratik imicinə zərbə vurduğu qeyd olunub. Dini icmalar, eləcə də dövlətlə dini icmalar arasında əlaqələrin möhkəmləndirilməsi üçün birgə konfransların, görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Gürcüstan Müsəlmanları Birliyinin nümayəndələri Batumi şəhər merinin qərarından məhkəməyə müraciət olunacağını deyiblər.

Dini Şura bu məsələni diqqətdə saxladığını bildirib.

Gürcüstan Müsəlmanları Birliyinin sədri Tariyel Nakaidze jurnalistlərə müsahibəsində deyib ki, Batumidə məscidin tikintisi üçün nəzərdə tutulmuş ərazi müsəlman icması tərəfindən alınıb. Ərazidə kilsə və digər ictimai, dini abidələr var. “Həmin ərazidə məscidin tikintisinə icazənin verilməməsi yalnız siyasi xarakter daşıyır. Ona görə də biz məhkəməyə müraciət edəcəyik. Artıq sənədlər hazırlanıb və yaxın günlərdə məhkəməyə ərizə təqdim olunacaq”, - deyə T.Nakaidze əlavə edib.

Dini məsələlər üzrə ekspert Beka Mindiaşvili bildirib ki, Batumi şəhər meriyasının müsəlmanlara məscid tikintisinə icazə verməməsi bütün qanunlara ziddir. Dini Şura da bu fikirdədir. Hesab edirik ki, Gürcüstan Müsəlmanları Birliyi məhkəməyə müraciət etməkdə haqlıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.