CƏMİYYƏT
Tbilisidə estetik təbabətə həsr olunmuş beynəlxalq forum keçirilib
Tbilisi, 4 iyul, AZƏRTAC
Tbilisidə estetik təbabətə həsr olunan "KOLXİDA-2015" adlı beynəlxalq forumda Azərbaycan da təmsil olunub.
Forumda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və bir çox beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Moskvadakı Y.Yutsovskaya adına Estetik Məktəbin və Azərbaycandakı "Gözəlliyin elmi əsasları" tibb müəssisəsinin birgə təşkil etdikləri tədbirdə müasir estetik təbabətin problemləri, inkişaf perspektivləri və bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, tədbirdə iştirak edən dermatoloqlar arasında təcrübə mübadiləsi aparılıb.
Moskva İnyeksiya Texnologiya Məktəbinin rəhbəri, professor Yana Yutsovskaya çıxış edərək forumun məqsəd və vəzifələrindən danışıb. Qeyd olunub ki, forumun əsas məqsədi estetik təbabət sahəsində əldə olunan uğurları bölüşmək və bu sahədə gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməkdir.
“Gözəlliyin elmi əsasları" tibb müəssisənin dermatoloqu Sevinc Abdullayeva jurnalistlərə açıqlamasında forumun müasir estetik təbabətin müxtəlif problemləri və yeniliklərinə həsr olunduğunu və bu sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirərək deyib: "Forumda Azərbaycanın estetik təbabət sahəsində əldə etdiyi uğurlardan söhbət açdım. Bu forumdan sonra biz daha bir böyük bir tədbirə hazırlaşırıq. Bu il noyabrın 17-18-də Azərbaycanda da təbabətin yeniliklərinə həsr olunan beynəlxalq konqres keçiriləcək."
Forum iştirakçılarına elektron sertifikatlar təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi