İQTİSADİYYAT
Tbilisidə keçirilən V Beynəlxalq “Caspian Energy Forum-2018” başa çatıb
Tbilisi, 8 may, AZƏRTAC
Mayın 8-də Gürcüstan paytaxtında V Beynəlxalq “Caspian Energy Forum Tbilisi-2018” (www.caspianenergyforum.com) keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun açılışında “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxış edib. Bildirib ki, Gürcüstanın “Caspian Energy Georgia” şirkəti tərəfindən təşkil olunmuş V Beynəlxalq “Caspian Energy Forum Tbilisi-2018”də dünyanın 17 ölkəsindən 300-ə yaxın nümayəndə iştirak edir.
Telman Əliyev forumun iştirakçıları və “Caspian European Club”un üzvləri adından göstərilən diqqətə və “Caspian Energy Forum Tbilisi-2018”də iştiraka görə bütün dövlət məmurlarına və şirkət rəhbərlərinə minnətdarlıq edib. Bildirilib ki, Beynəlxalq “Caspian Energy Forum Tbilisi-2018”ə rəsmi dəstəyi Gürcüstan və Azərbaycan hökumətləri və “Caspian European Club” göstərir.
Forumda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze, Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini İrakli Karseladze, Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Nino Tandilaşvili, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, “SOCAR Georgia Gas”ın direktoru Azər Məmmədov, “PASHA Bank Georgia”nın direktorlar şurasının sədri və baş icraçı direktoru Arda Arkun, “Murphy International Group of Companies”in baş icraçı direktoru Tahir Əliyev, “VG Georgia”nın direktoru David Kaldani və “Caspian European Club”un idarə heyətinin üzvü Nəriman Məmmədov çıxış ediblər.
Beynəlxalq forum çərçivəsində, həmçinin Gürcüstan iqtisadiyyatının inkişafına töhfələr vermiş şirkətlərə Beynəlxalq Caspian Energy Award mükafatı təqdim olunub.
“SOCAR Georgia Gas” “Gürcüstanda ilin ən böyük investoru”, “PASHA Bank Georgia” “Gürcüstanda ilin korporativ bankı”, “Murphy Group Georgia” “Gürcüstanda nəqliyyat infrastrukturunun inkişafına verdiyi töhfələrə görə” və “VG Georgia” “Gürcüstanda FMCG sahəsində ilin şirkəti” nominasiyalar üzrə qalib elan olunublar.
“Caspian Energy Forum Tbilisi-2018”in sponsorları “SOCAR Energy Georgia” və “PASHA Bank Georgia”, partnyorları isə “Murphy International Group of Companies” və “VG Georgia” şirkətləridir.
“Caspian Energy Forum Tbilisi-2018”də sıralarında Gürcüstan və Azərbaycan hökumətlərinin üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin də yer aldığı 300-ə yaxın nümayəndə iştirak edib. Dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Onların hər ikisi iki il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik olaraq “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü sayılırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi