İDMAN
Tbilisidə keçirilən dünya çempionatında Azərbaycan da təmsil olunur
Tbilisi, 30 iyul, AZƏRTAC
Tbilisidə qarışıq idman növləri üzrə dünya çempionatı başlayıb. Bu gün çempionatın rəsmi açılışı olub, idmançılar müxtəlif idman növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan bu çempionatda 12 idmançı ilə təmsil olunur.
Müxtəlif ölkələrdən 300-dək yarışçının iştirak etdiyi çempionat iki gün davam edəcək. Dünya kuboku uğrunda böyüklərlə yanaşı, yeniyetmə və gənclər də mübarizə aparacaqlar.
Azərbaycanın “Qartal” peşəkar idman klubunun baş məşqçisi Yaqub İbrahimov jurnalistlərə bildirib ki, idmançılarımız bu çempionatda idmanın iki növü - Muay thai və Uşu sanda üzrə mübarizə aparacaqlar. Baş məşqçi idmançılarımızın bu çempionatda da Azərbaycan bayrağını yüksəldəcəklərinə əmin olduğunu bildirib.
Gürcüstan Qarışıq İdman Federasiyasının prezidenti Kaxa Basia isə qeyd edib ki, ölkəsi bu turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işləri görüb. “Çalışırıq ki, yarışları yüksək səviyyədə təşkil edək və iştirakçılar razı qalsınlar” - deyə Basia vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi