İQTİSADİYYAT
Tbilisidə keçirilən konfransda Azərbaycan şirkətlərinin fəaliyyətindən danışılıb
Tbilisi, 5 may, AZƏRTAC
Mayın 5-də Tbilisidə “Gürcüstanda fəaliyyət göstərən Avropa şirkətləri-ticarət və investisiya imkanları” mövzusunda konfrans keçirilib.
Tədbirdə Gürcüstanda təmsil olunan Avropa ölkələrinin iri biznes strukturlarının, şirkətlərinin, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Anar Osmanovun da iştirak etdiyi konfransda bu ölkənin iqtisadiyyatına yatırılan investisiyalar, xarici iş adamlarına yaradılan şərait, iqtisadi sahədə əməkdaşlıq, ticarət və investisiya imkanları barədə danışılıb. Bildirilib ki, Avropa İttifaqına üzv olan, eləcə də bir sıra digər ölkələr Gürcüstanda irihəcmli yatırımlar etməklə bu ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Bu ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Qeyd olunub ki, Azərbaycan hər il, xüsusilə də 2012-ci ildən bu yana Gürcüstana sərmayə qoyan ölkələr sırasında ilk yerlərdən birini tutur. Azərbaycan ötən il Gürcüstana ən çox investisiya yatıran ölkə olub və bu tendensiya davam edir. 2015-ci ildə Gürcüstan iqtisadiyyatına ümumilikdə 1,4 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da 542 milyon dolları və ya 41 faizi Azərbaycanın payına düşüb. Qonşu ölkədə yatırımlar edən bir sıra Azərbaycan şirkətləri var ki, bunların arasında SOCAR ilk yerdə qərarlaşıb. “SOCAR Georgia” ötən il bu ölkədə 2,2 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu edib. Artıq bir neçə ildir ki, bu şirkət Gürcüstan büdcəsinə ən çox xeyir verən vergi ödəyicisi kimi də qeydə alınır. Təkcə 2015-ci ildə “SOCAR Georgia” dövlətə 45 milyon dollar vergi ödənişi edib. “SOCAR Georgia” bu il də Gürcüstan iqtisadiyyatına ciddi investisiya yatırtmaq niyyətindədir.
Azərbaycan şirkətləri əsasən Gürcüstanda maliyyə, energetika, otel biznesi, nəqliyyat və tikinti sektorunda iştirak edirlər.
Konfransda böyük İpək yolunun bərpasında Azərbaycanın rolu xüsusi qeyd olunub. Bildirilib ki, İpək yolunun bərpası ticarət dövriyyəsinin artmasında, iqtisadiyyatın inkişafında və bu sahədə əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi