CƏMİYYƏT
Tbilisidə keçirilən konfransda Azərbaycanda səhiyyə ilə bağlı islahatlardan danışılıb
Tbilisi, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Tbilisidə “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində doğuşa qədərki dövrdə qulluq” mövzusunda beynəlxalq konfrans keçirilir. Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə 12 ölkədən 70-ə yaxın nümayəndə iştirak edir. Azərbaycanı bu konfransda Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin məsul əməkdaşı Nərgiz Kərimova və Respublika Perinatal Mərkəzinin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova təmsil edirlər.
Konfransda bildirilib ki, son illər bəzi ölkələrdə ana və uşaq ölümünün artması, perinatal dövrdə ana və dölə qulluğun düzgün təşkil olunmaması narahatlıq yaradır. Məqsəd bu cür halların qarşısının vaxtında alınması ilə bağlı tövsiyələr vermək, qabaqcıl ölkələrin təcrübəsini öyrənməkdir.
Tədbirdə Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar, doğuşdan qabaq ana və uşaqlara hərtərəfli qulluqla bağlı qəbul olunmuş dövlət proqramı barədə məlumat verilib. Azərbaycanın təcrübəsi bəzi ölkələrdə maraqla qarşılanıb.
Konfrans işini aprelin 28-də davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi