ELM VƏ TƏHSİL
Tbilisidə keçirilmiş simpoziumda Azərbaycan da təmsil olunub
Simpoziumda Azərbaycanı Bakı Slavyan Universiteti və Azərbaycan Komparativ Ədəbiyyatşünaslıq Assosiasiyası (AzCLA) təmsil edib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, AzCLA-nın simpozium çərçivəsində təşkil etdiyi 3 paneldən və 8 məruzədən ibarət sessiyası “Senzura, ədəbiyyat və qlobal məkanda” mövzusuna həsr olunub.
Sessiyaya rəhbərlik edən professor Rəhilə Qeybullayeva giriş sözündə senzura, onun latın dilində etimologiyası və qədim Romada senzorun insanların mənəvi dəyərlərinə nəzarətçi funksiyasını, onun qədim mədəniyyətlərdə müxtəlif formalarını, ədəbiyyatın klassik və folklor ədəbiyyatı kimi bölgüsünə təsiri problemini vurğulayıb.
Tədbirdə “1960-80-ci illər ədəbiyyatında qrotesk və onun təsiri ilə yaranmış ədəbi formalar”, “1970-80-ci illər Azərbaycan ədəbiyyatında və mətbuatında senzura”, “Senzura bədii simvolda”, “XIX əsrin sonu rus senzurası və V.Korolenko”, “Orta əsrlər dövründə Azərbaycan ədəbiyyatında senzuranın formalaşdırdığı ədəbi janrlar”, “Senzura və ədəbiyyatda mənəvi dəyərlər” və digər mövzularda məruzələr dinlənilib.
Simpoziumun yekununda Harvard Universitetinin professoru David Damrosch yekun məruzəsini təqdim edib.
Mədəni proqramı simpoziumun mövzusunun davamı kimi qurularaq Gürcüstanın qədim mədəniyyətini təmsil edən abidələrə baxmaqla və milli mətbəx saatı ilə yadda qalıb.
Qeyd edək ki, bu sessiya Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrası və AzCLA-nın beynəlxalq layihəsidir.