CƏMİYYƏT
Tbilisidə leysan yağışlarından zərər çəkənlərə azərbaycanlıların yardımları davam edir
Tbilisi, 27 iyun, AZƏRTAC
Gürcüstanda yaşayan azərbaycanlıların Tbilisidə leysan yağışlarından zərər çəkənlərə yardımları davam edir.
Gürcüstanın Baş nazirinin müşaviri Savalan Mirzəyevin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan yardım kampaniyasında Kvemo Kartli-Borçalı bölgəsində yaşayan azərbaycanlı gənclər iştirak ediblər. Gənclərin topladıqları ərzaq və gündəlik tələbat malları iyunun 26-da Marneulidən Tbilisiyə yola salınıb. Ərzaq bağlamaları Tbilisidə gürcü ailələrə təqdim olunub.
Savalan Mirzəyev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, bu cür yardımlar davamlı olacaq. Tbilisi şəhər meriyasının tərtib etdiyi siyahı əsasında ehtiyacı olan ailələrə yenə də yardımlar göstəriləcək.
Baş nazirin müşaviri azərbaycanlı gənclərin yardım kampaniyasındakı iştirakını yüksək qiymətləndirib və bildirib ki, Gürcüstan cəmiyyətinin bir hissəsi olan azərbaycanlılar təbii fəlakətdən zərər çəkənlərə yardım göstərməkdə davam edirlər. Gənclərimiz Tbilisinin mərkəzində abadlıq-təmir işlərində də fəal olublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi