ELM VƏ TEXNOLOGİYA


Tbilisidə qafqazşünas alimlərin IV beynəlxalq konqresi keçirilir

A+ A

Tbilisi, 1 dekabr, AZƏRTAC

Gürcüstanın paytaxtındakı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) qafqazşünas alimlərin IV Beynəlxalq konqresi keçirilir.

Qafqazın tarixinə, Qafqazda əlifbanın yaranmasına və yazılı tarixi abidələrə həsr olunan tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin professoru, Alban-Udin xristian icmasının rəhbəri Robert Mobili təmsil edib.

TDU-nun rektoru Qiorqi Şarvaşidze Qafqazda yazılı tarixi abidələrin, əlifbanın tarixinin öyrənilməsində və bu barədə məlumatların gələcək nəsillərə çatdırılmasında qafqazşünas alimlərin rolunu, eləcə də belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

Universitetin professoru Çira Baramidze Qafqazda əlifbaların yaranma tarixi barədə danışıb, yazılı abidələrin və digər mədəni abidələrin qorunmasının vacibliyini vurğulayıb.

Gürcüstan parlamentində çoxluq fraksiyasının rəhbəri Zviad Kvaçantiradze, Robert Mobili, Rusiya, Dağıstan və Mahaçqala universitetlərinin və digər ali məktəblərin alimləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, münaqişələrin və dağıdıcı müharibələrin tarixi abidələrin məhvinə səbəb olduğunu söyləyiblər. Bildirilib ki, Qafqazın inkişafı birbaşa əlifba və yazılı tarixi abidələrlə əlaqəlidir.

Konfransda çıxış edənlər dünyada və Qafqazda mövcud olan əlifbalarla qədim əlifbalar arasında paralellər aparıb, sivilizasiyaların inkişafında əlifbanın rolunu, yazılı abidələrin, yazı nümunələrinin oxşar və fərqli cəhətləri barədə ətraflı məlumat veriblər.

R.Mobili jurnalistlərə müsahibəsində bildirib ki, bu konqres tarixi, mədəni abidələrimizin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Alban-Udin mədəniyyəti də multikulturalizmin bir hissəsidir. Azərbaycanın Qəbələ rayonundakı Nic qəsəbəsində Alban kilsəsinin qalması, udinlərin öz dinlərini və mədəniyyətlərini qoruyub saxlamaları ölkədəki tolerantlığın, multikulturalizmin parlaq nümunəsidir.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva, eləcə də digər diplomatlar, Rusiya, Gürcüstan və başqa ölkələrin elm xadimləri, qafqazşünas alimləri iştirak ediblər.

Konqres işini dekabrın 2-də davam etdirəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.