CƏMİYYƏT
Tbilisidə transsərhəd cinayətlərin təhqiqatında əməkdaşlıq məsələləri müzakirə olunur
Tbilisi, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Tbilisidə “Azərbaycan və Gürcüstan arasında quru sərhədlərin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi layihəsi” çərçivəsində ikitərəfli görüş başlayıb.
Üç gün davam edəcək tədbirdə əsasən transsərhəd cinayətlərin təhqiqatında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunur.
Tədbirdə Azərbaycanın və Gürcüstanın dövlət sərhəd xidmətlərinin məsul əməkdaşları, digər aidiyyəti və beynəlxalq qurumların nümayəndələri iştirak edirlər.
“Azərbaycan və Gürcüstan arasında quru sərhədlərin daha yaxşı mühafizəsinin əlaqələndirilməsi layihəsi”nin hüquq-mühafizə orqanları ilə iş üzrə eksperti Soltan Hadıyev jurnalistlərə bildirib ki, əsas məqsəd transsərhəd cinayətlərinin təhqiqatı prosesi və prosedurları ətrafında fikir mübadiləsi aparmaq, Avropa İttifaqı ölkələrində bu sahədə mövcud olan qabaqcıl təcrübəni öyrənmək və milli qanunvericilikdə, fəaliyyətdə tətbiqi yollarını müzakirə etməkdir. O qeyd edib ki, bu sahədə ölkələrə Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin ekspertləri kömək edəcəklər. Görüş iştirakçıları bu mərkəzin təqdimatlarında iştirak edəcək, beynəlxalq təcrübəni öyrənəcəklər. Sərhəddə hüquq-mühafizə orqanlarının transsərhəd cinayətlərin təhqiqatında birgə əməkdaşlıq məsələləri də diqqət mərkəzində olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi