RƏSMİ XRONİKA
Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət VİDEO
Tbilisi, 6 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmişdir.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Prezident İlham Əliyevə parkda görülmüş işlər barədə məlumat verdi.
Ulu öndər Heydər Əliyevin adını daşıyan park 2004-cü il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə açılmışdır.
Ümumi sahəsi bir hektar olan parkda Tbilisi şəhərinin sakinləri və qonaqlarının istirahəti üçün hər cür şərait yaradılmışdır.