MƏDƏNİYYƏT
Teatr Muzeyində “Mən Azərbaycanımı sevirəm” adlı sərgi açılıb
Bakı, 18 noyabr, A.İsmayılova, AZƏRTAC
Noyabrın 18-də Teatr Muzeyində dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr edilmiş “Mən Azərbaycanımı sevirəm” adlı rəsm sərgisi açılıb. “Kaspi” liseyinin Bakıxanov filialının şagirdlərinin əl işlərindən ibarət olan sərgidə milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlər sərgilənib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə vətənpərvərlik mövzusunda videoçarx nümayiş olunub.
Tədbirdə muzeyin elmi katibi Şəhla Məmmədova ötən əsrin 70-ci illərindən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində qazanılan uğurlardan söhbət açıb. Həmçinin natiq Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində müstəqil Azərbaycanın dünya miqyasında multikulturalizmin mərkəzinə çevrilməsindən, ölkəmizdə beynəlxalq tədbirlərin, sivilizasiyalararası humanitar forumların, “dəyirmi masa”ların keçirilməsindən danışıb.
Tədbirdə Nəsimi rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Sonda G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.