REGİONLAR
Teatr mövsümü “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanan ikihissəli tamaşa ilə başa çatıb
Naxçıvan, 30 iyun, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanan ikihissəli tamaşa ilə 132-ci teatr mövsümünü başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyev çıxış edərək Naxçıvan teatrının keçdiyi şərəfli inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən, onların estetik zövqünün formalaşmasında, işıqlı və mütərəqqi ideyaların yayılmasında gördüyü işlərdən söhbət açıb.
Qeyd olunub ki, ötən mövsümdə hazırlanmış “Yəhya bəy Dilqəm”, “Qurtuluş dastanı”, “Nadanlıq” və başqa tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanan səhnə əsərləridir. Teatr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə birlikdə muxtar respublikanın müxtəlif rayonlarında dövlətçilik, vətənpərvərlik mövzusunda qələmə alınan “Koroğlunun Çənlibelə qayıdışı”, “Araz sahilində doğan Günəş”, “Qurtuluş dastanı” kimi tamaşaların gənclər qarşısında nümayişini təşkil edib. Bu tamaşalarda dövlətçilik ideyaları, Vətənin müstəqilliyə qovuşması əksini tapdığı üçün gənclər tərəfindən maraqla qarşılanıb.
Sonra İftixar Piriyevin “Qurtuluş dastanı” ikihissəli epik tarixi dramı əsasında hazırlanan tamaşa göstərilib. Tamaşada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərinin müxtəlif məqamları səhnə həllini tapıb. Dahi şəxsiyyətin zəngin həyat yolunun müxtəlif məqamlarını əks etdirən tamaşada habelə Ulu Öndərin ayrı-ayrı hadisələrə münasibəti də yer alıb.
“Qurtuluş dastanı” tamaşasında Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, Əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Xəlil Hüseynov, aktyorlar Elnur Rzayev, Şölə Novruzbəyli və başqalarının ifaları maraqla qarşılanıb.