MƏDƏNİYYƏT


Teatra ömürlərini bağışlayan sənətkarların yubileyləri qeyd olunub

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış sənətkarlar, Xalq artistləri Ağaxan Salmanlının 75, Yasin Qarayevin isə 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov çıxış edərək hər iki aktyorun sənət yolundan, Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərindən söz açıb.

R.Hüseynov deyib: “Gələn ay milli teatrımızın yaranmasının 144 illiyini qeyd edəcəyik. Yasin Qarayev və Ağaxan Salmanlının yaşlarının cəmi də, elə bu tarix qədərdir. Teatr əslində fanatiklərin, fədailərin məskənidir. Bu gün isə teatra ömürlərini bağışlayanların yubileyidir, bayramıdır. Hər iki sənətkar bizə həyatlarını bağışlayıb. Bu illər ərzində bir sifətləri, tək simaları olub. Yasin Qarayev insanları incitmədən güldürməyi bacaran aktyordur”.

Sonra professor İlham Rəhimli hər iki sənətkarı təbrik edib, onların Azərbaycan teatrının inkişafındakı xidmətlərindən söz açıb.

Tədbirdə Ağaxan Salmanlının quruluşunda Əhməd Orucəlinin eyniadlı komediyası əsasında hazırlanan “Açarını itirənlər” komediyasının premyerası olub. Səhnə əsərinin video və kompüter qrafikası İlham Əsədova, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur. Yeni səhnə əsərində əsas obrazları yubilyarlarla yanaşı, Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Zemfira Əbdülsəmədova və İlham Əsədov canlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.