REGİONLAR
Təbiət möcüzəsi - Naxçıvan FOTOREPORTAJ
Naxçıvan, 22 avqust, AZƏRTAC
Avqustun qızmar günlərində zirvəsi qarla örtülən dağlar, dərələrdən şırıl-şırıl axan çaylar, al-əlvan çiçəklərlə bəzənmiş yamyaşıl yamaclar, qoynunda min bir ağaca, müxtəlif canlılara yer vermiş meşələr. Bütün bunları böyük turizm potensialına malik Naxçıvan Muxtar Respublikasında görmək olar.
Dünyada gözəl təbiətə malik bir çox yerlər var ki, burada ancaq yol boyu uzanan meşələri və ya sakit axan çayları, ya da dənizləri, dağları görürsən. Belə məqamlarda bəzən monotonluq insanı darıxdırır. Qədim Naxçıvanın füsunkar təbiətini fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun monoton olmamasıdır. Burada təbiət dəyişkən, canlı, dinamikdir, hər addımda yeni mənzərə ilə qarşılaşırsan. Yaxın məsafədə uca dağları, bir az sonra yamaclara sərilmiş meşələri, kükrəyən dağ çaylarını, yaşıl çəmənləri, qısa müddət sonra düzənlikləri, abadlaşmış elləri-obaları görmək mümkündür.
Meşəyə yaxınlaşdıqca oksigen dolu təmiz havanın sərinliyi şəhərin 40 dərəcə istisindən yenicə xilas olmuş istənilən adamı məst etsə də, qarşıya çıxan yamyaşıl xalının sehrli naxışları bu gözəlliyə biganə qalmayan hər kəsi özünə heyran buraxır. Alınmaz qala bürcləri kimi yalçın qayaları, yol üstündə qaynayan buz bulaqları, əzəmətli Haçadağı, Xan Arazı, Arpaçayı, insanı valeh edən “üzən adası”, Zor bulağı, Pəzməri şəlaləsi, Göy gölü muxtar respublikanın təbiət gözəlliyinin simvolları sırasındadır. Bəlkə də buna görə muxtar respublikaya səyahət edən turistlər qədim yurdumuzu həm də təbiət möcüzəsi adlandırırlar.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu