DÜNYA
Təbii fəlakət: Meksikada tornado, Texasda daşqın
Bakı, 26 may, AZƏRTAC
Meksikanın şimalında yerləşən Koauila ştatının Syudad-Akunya şəhərində tornado nəticəsində ən azı 14 nəfər həlak olub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, şəhər üzərindən cəmi altı saniyə ərzində keçən tornado bu müddətdə 1500 evi dağıdıb, ağacları aşırıb, maşınları çevirib. Ölənlərin əksəriyyəti küçədə, bəziləri isə binaların uçması zamanı həyatını itirib.
Ştatın qubernatoru tornadonun zərər vurduğu rayonda fövqəladə vəziyyət elan edib. Evsiz qalmış insanlara müvəqqəti yataqxanalar təşkil olunub. Zərər çəkənlər üçün içməli su, konserv və paltar tədarükünə başlanılıb.
ABŞ-ın qonşu Texas ştatı isə leysan yağışlarının səbəb olduğu daşqınlardan əziyyət çəkir. Burada təbii fəlakət nəticəsində azı 6 nəfər həlak olub, daha 10 nəfər isə itkin düşüb. San-Markos şəhərindən keçən Blanko çayı məcrasından çıxaraq təkcə Heys dairəsində 400-dək evi dağıdıb.
Meteoroloqların məlumatına görə, son bir ayda bu rayona düşən yağıntının miqdarı normanı 6 dəfə keçib.