İQTİSADİYYAT
Təbii hadisələrlə əlaqədar dağılmış yol və körpülər bərpa olunmuşdur
Bakı, 28 yanvar (AZƏRTAC). Ötən il təbii hadisələr nəticəsində respublika yollarında yaranmış problemlərin həlli istiqamətində tədbirlər görülmüşdür.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, torpaq sürüşmələri Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı, Qobustan rayonları ərazisindən keçən hissəsində, Ağsu dolaylarında, Muğanlı–İsmayıllı, Lənkəran–Lerik, Masallı– Yardımlı və digər avtomobil yollarında daha kəskin olmuşdur. Görülən tədbirlər nəticəsində bu yollarda hərəkət təmin olunmuşdur.
Bundan əlavə, sel daşqınları ilə bağlı Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 157-ci kilometrində, Qaraçay və Ağsu rayonu ərazisində Dilman – Xatman yolunun 1- ci kilometrində Ağsuçay üzərində dağılmış körpülərin yerində yeni körpülərin tikintisi başa çatdırılmışdır.