İDMAN
Təbriz Həsənov: U-17 yığma komandamız sabahkı oyuna tam hazırdır
Bakı, 4 may, AZƏRTAC
Komandamız U-17 Avropa çempionatına tam heyətlə hazırlaşır. Zədəlilər artıq komandaya qayıdıb və tam gücümüzlə sabahkı oyuna hazırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov mayın 5-dən 21-dək Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək yığmaların baş məşqçilərinin mətbuat konfransında deyib.
Azarkeşlərdən böyük dəstək gözlədiklərini deyən baş məşqçi bunun həm motivasiya, həm də oyun gücünə təsir edəcəyini söyləyib.
T.Həsənov jurnalistlərin Azərbaycanın çempionatdakı ilk rəqibi haqqında verdiyi suala cavabında deyib: “Portuqaliyanın oyunlarını izləmişəm. Sürətli və texnikalı futbolçulara malikdir. Yer aldığımız qrupun favoriti sayılır. Buna baxmayaraq, biz qələbə üçün meydana çıxacağıq”.
Qeyd edək ki, yığmamız ilk görüşünü mayın 5-də saat 20:00-da Bakı Olimpiya Stadionunda Portuqaliya millisinə qarşı keçirəcək.