MƏDƏNİYYƏT
Təbriz sevgisindən yoğurulmuş kitab VİDEO
Bakı, 1 mart, Abdulla Suvar, AZƏRTAC
Nəfis şəkildə yeni çapdan çıxmış “Mədəniyyətlərin beşiyi: Təbriz” adlı kitaba həsr edilmiş mətbuat konfransında nəşrin məziyyətlərindən, yazılma səbəblərindən və tarixi əhəmiyyətindən geniş söz açılıb.
AZƏRTAC xəbər verir ki, kitab Təbrizin gələcəyi uğurunda mücadilə aparan Əziz Əliyevin xatirəsinə ithaf olunub.
Martın 1-də Bakıda keçirilən mətbuat konfransında əvvəlcə kitabın müəllifi Əli Poladın həyat yolundan bəhs edən videomaterial nümayiş edilib. Materialda müəllifin Təbrizdən başlanan və Türkiyədə davam edən həyat yolundan, iş adamı kimi xeyriyyəçilik missiyasından, müəllifi olduğu kitablardan, reallaşdırdığı layihələrdən, qurub-yaratdığı müasir tikililərdən söz açılır.
Tədbirdə “Azad Azərbaycan” Teleradio Şirkətinin bədii şurasının sədri, Bakı Slavyan Universitetinin kafedra müdiri Etibar Babayev jurnalistlərə müəllif və onun yeni kitabı barədə məlumat verib.
O, Əli Poladın mənəvi dünyasından, xeyriyyəçiliyindən, gördüyü işlərdən söz açıb. Onun Vətənə, torpağa bağlılığını, insanlara və insanlığa münasibətini yüksək dəyərləndirib.
Bildirilib ki, böyük mənəviyyat adamı olan Əli Polad müəllifi olduğu bir çox kitabları pulsuz olaraq insanlara paylayıb. Müəllif tutduğu yola sadiqdir və “Mədəniyyətlərin beşiyi: Təbriz” adlı kitabını da təmənnasız olaraq oxuculara hədiyyə edəcəkdir.
Diqqətə çatdırılıb ki, 862 səhifəlik bu yeni kitab 7 fəsildən ibarətdir. Nəşrdə 804 fotoşəkil yer alıb.
Etibar Babayev deyib ki, martın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında kitabın təqdimat mərasimi keçiriləcək. Gecədə Əli Poladın sifarişi ilə yazılmış Təbrizə həsr edilmiş mahnılar da səsləndiriləcək.
Vurğulanıb ki, Azərbaycanı tanıtmaq üçün mühüm layihələr reallaşdıran Əli Polad bu istiqamətdə işlərini davam etdirir.
Yeni kitabın 6 illik zəhmətin bəhrəsi olduğunu söyləyən müəllif deyib: “Təbrizə həsr edilmiş çoxsaylı kitablar olsa da, düşünürəm ki, bu yeni nəşr oxucuya şəhərlə bağlı daha müfəssəl məlumatlar verəcək. İndiyə qədər Türkiyə, Azərbaycan, İran və Rusiyada 24 kitabım işıq üzü görüb və onların hamısını təmənnasız olaraq insanlara bağışlamışam”.
Müəllif bildirib ki, Təbrizə sonsuz məhəbbətindən yoğurulan bu kitab beş dildə çap olunub.
Gələcək planlarından söz açan müəllif jurnalistləri maraqlandıran sualları cavablandırıb.