SİYASƏT
Təbrizdə Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışılıb VİDEO
Təbriz, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulluğu ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Mərasimdə əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurani-Kərimdən ayələr oxunub.
Baş konsul Əli Əlizadə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinin olduğunu bildirən baş konsul onun Sovet İttifaqı dövründə müxtəlif vəzifələrdə işlədiyi müddətdə də Azərbaycana diqqət və qayğısını əsirgəmədiyini qeyd edib.
Əli Əlizadə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi üçün təhlükənin yarandığı bir dövrdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gəldiyini söyləyib. O, Heydər Əliyevin müasir Azərbaycan Respublikasının banisi olduğunu vurğulayıb.
Baş konsul Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs rejimi müəyyən edilməsinə dair razılaşma əldə olunmasının, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının və ölkəmizin bugünkü sürətli sosial-iqtisadi inkişafının, sabitliyinin Heydər Əliyevin müdrik siyasətinin nəticələri olduğunu qeyd edib. Səfir hazırda bu müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub, ehsan süfrəsi açılıb.
Anım mərasimində İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Təbriz şəhərinin fərmandarı, Şərqi Azərbaycan Vilayətinin rəsmiləri və şəhər ictimaiyyətinin təmsilçiləri, Türkiyənin Təbrizdəki baş konsulu və baş konsulluğun əməkdaşları, şəhərdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Anım günü ilə əlaqədar baş konsulluğa İranın Qərbi Azərbaycan Vilayəti ostandarının başsağlığı məktubu göndərilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz