MƏDƏNİYYƏT
Təbrizin tanınmış aktyoru Musiqili Teatrda “999-cu gecə”də
Bakı, 30 iyun, AZƏRTAC
Təbrizin sevilən kino və teatr aktyoru Camal Saqinejad Azərbaycan Dövlət Musiqili Teatrının cari repertuarında uğurla oynanılan, SSRİ Xalq Artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasında çıxış edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Camal Saqinejad tamaşada Şah obrazını canlandıracaq. Məşqlərə başlamış aktyor ona göstərilən etimaddan məmnun olduğunu və yaradılan şəraitdən razı qaldığını söyləyib.
“Bu mənim Azərbaycan teatrında ilk işim deyil. Novruz bayramı günlərində Musiqili Teatrla Təbriz Teatrının birgə layihəsi olan “Bəxtəvər” komediyasını tamaşaçılara təqdim etdik. “Bəxtəvər” sizin izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də alqışlarla qarşılandı. Azərbaycanda teatra, sənətə, ümumilikdə mədəniyyətə xüsusi diqqət və qayğı var. Sevinirəm ki, əsl sənət abi-havası mövcud olan Musiqili Teatrla yenidən əməkdaşlıq edirəm. Buna görə teatrın rəhbərliyinə, Təbrizdə də kifayət qədər tanınan və sevilən Əliqismət Lalayevə xüsusi təşəkkürümü bildirmək istəyirəm. İnanıram ki, mənə tapşırılan işin öhdəsindən layiqincə gələcək, özümün də ilk dəfə çox böyük maraqla seyr etdiyim “999-cu gecə” tamaşasında Şah rolunu uğurla ifa edəcək, bu obrazı tamaşaçılara sevdirə biləcəyəm”, - deyə Camal Saqinejad bildirib.
Qeyd edək ki, “999-cu gecə” tamaşası Camal Saqinejadın iştirakı ilə sentyabrın sonunda - Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümündə təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Babayevadır.
Rolları Camal Saqinejadla yanaşı, teatrın gənc və istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edəcəklər.