İQTİSADİYYAT
“TechFall 2016 Hackathon” layihəsinə qeydiyyat başlayıb
Bakı, 19 oktyabr, AZƏRTAC
“Azercell Telekom” MMC və “PAŞA Bank”ın dəstəyi, “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və “WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli “TechFall 2016 Hackathon” layihəsinə başlanılır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Hachathon” - proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackathon”da proqramçılar müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərirlər. “Hackhaton”lar mütəmadi olaraq dünyanın bir çox yerlərində, adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.
“TechFall 2016 Hackathon” layihəsində də developerlər 36 saat ərzində fasiləsiz yeni mobil tətbiqetmə hazırlayıb münsiflər heyətinə təqdim etməlidirlər. Bu layihədə yaşı 18-dən yuxarı 3 nəfərdən ibarət komanda şəklində hər kəs iştirak edə bilər.
Layihədə iştirak etmək istəyənlər oktyabrın 31-dək http://techfall.barama.az/qeydiyyat/ linkinə daxil olub qeydiyyatdan keçməlidilər. Seçimlərdən sonra 15 komanda layihədə öz işini davam etdirmək şansı qazanır.
Noyabrın 5-6-da keçiriləcək final mərhələsində isə komandalar püşkatma ilə mövzu seçib, həmin mövzu üzərində 36 saat ərzində tətbiq hazırlayacaqlar. Təqdim olunan tətbiq texniki münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Noyabrın 9-da komandalar öz tətbiqlərini peşəkar münsiflər qarşısında təqdim edəcəklər.
Yarışmada 1-ci yerin qalibinə “Azercell” və “PAŞA Bank”dan qiymətli hədiyyələr, 2-ci yerin sahiblərinə “Step IT” akademiyasından informasiya texnologiyaları kurslarında 1 aylıq iştirak kuponu, 3-cü yerin sahibinə isə “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi” tərəfindən dəyərli hədiyyələr təqdim ediləcək.
Qeyd edək ki,“TechFall 2016 Hackathon” layihəsinin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Eyni zamanda, yarışmanın keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmalarına şərait yaratmaqdır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.