CƏMİYYƏT
Təcili tibbi yardım xidmətinə bir gündə 2 minədək çağırış daxil olur
Bakı, 5 iyul, AZƏRTAC
Təkcə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gündəlik 2 minə qədər çağırış daxil olur. Daxil olan bütün çağırışlar ilk növbədə bölmə həkimlərinə ötürülür və icra edilir. Görülən tədbirlər nəticəsində cari ilin yanvar-iyun ayları ərzində çox ağır vəziyyətdə olan 1000 nəfərdən artıq insanın həyatı xilas edilib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ümumilikdə isə stansiyaya yanvar-iyun aylarında 300 mindən artıq ümumi müraciət daxil olub. Müraciət edənlərdən 25 mindən artıq şəxs stasionar müalicə üçün xəstəxanalara yerləşdirilib. Çağırışların təqribən 37 mini uşaqlarla bağlı olub və 5 minə yaxın uşaq xəstəxanalara yerləşdirilib.
Hesabat dövründə miokard infarktı ilə bağlı 480 nəfər, insultla bağlı 1500 nəfər, doğuşla bağlı 1600 nəfər, avtomobil qəzası zamanı xəsarət alanlarla bağlı 900 nəfər müraciət edib. Bundan əlavə, xəstələrin müalicə tədbirlərinin davam etdirilməsi məqsədilə evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Təcili tibbi yardıma ehtiyacı olan yaşayış yeri məlum olmayan 150 şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.
Eyni zamanda, pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş azçəkili və ya ağır qüsurlarla doğulan 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya olunub.
Stansiya digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir.103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
Bununla yanaşı, tibbi xidmətdən əhalinin razılığı araşdırılır. Əməliyyat, hospital və müalicə işlərinin təşkili şöbəsinin böyük həkimləri tərəfindən ünvanlara zəng edilərək onlara göstərilən ilkin tibbi yardımın keyfiyyəti barədə sorğular aparılır.
İlin əvvəlindən indiyədək stansiyanın həkim və orta tibb işçilərinin ünvanına 83 təşəkkür məktubu və zəngləri daxil olub ki, həmin şəxslərə rəhbərlik tərəfindən təşəkkür elan edilib.
Stansiyanın bütün həkimləri sertifikasiyadan keçiblər. Hazırda orta tibb işçilərinin sertifikat almaları istiqamətində müvafiq işlər aparılır.