QAN YADDAŞI
Təcili yardım maşınlarında da güllə izləri var idi
Bakı, 20 yanvar, AZƏRTAC
Biz bu gün bura 27 il öncə törədilmiş 20 Yanvar faciəsinin qurbanlarını, şəhidlərimizin xatirəsini anmaq üçün yığışmışıq. Həmin gecə silahsız-əliyalın insanların üzərinə qoşun yeridildi. Neçə-neçə vətəndaşımız amansızlıqla qətlə yetirildi.
Bu sözləri riyaziyyat üzrə fəlsəfə doktoru Arif Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
Daha sonra Yanvar faciəsi zamanı şahidi olduğu hadisələrdən danışan A.Məmmədov bildirib ki, həmin gecə indiki 1 saylı xəstəxanada xəstə ziyarətində olub: “Atəş səsləri gecə saat 11-12 arası eşidilməyə başladı. Güllə səslərindən bir neçə dəqiqə sonra həm təcili tibbi yardım, həm də fərdi maşınlarda yaralı və artıq dünyasını dəyişmiş insanları xəstəxanaya daşıyırdılar. Xəstəxana personalına yaralı və dünyasını dəyişmiş insanları daşımaqda kömək etdik. Palatalar artıq dolmuşdu. Yaralı və ölüləri dəhlizdə yerləşdirdilər. Təcili yardım maşınlarında da güllə izləri var idi. Bizə küçəyə çıxmamağı dedilər. Nə baş verdiyini anlamırdıq. Səhər saat 7-yə qədər xəstəxanada qaldıq. Yalnız səhər açılanda 20 yanvar dairəsindən keçərkən gecə törədilən vəhşilikdən xəbərimiz oldu”.
Alim müsahibəsinin sonunda şəhidlərimizlə fəxr etdiyini bildirib. Allahdan onlara rəhmət diləyib və xalqımızın bu hadisədən illər keçməsinə rəğmən öz şəhidlərini ehtiramla yad etməsi ilə qürur duyduğunu qeyd edib.