ELM VƏ TƏHSİL
Tədbirdə gəncləri vətənpərvər, mübariz olmağa səsləyiblər
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Bakı Slavyan Universiteti (BSU) və Gənclərin Töhfəsi İctimai Birliyinin (GTİB) birgə təşəbbüsü ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev və GTİB–nin sədri Asim Vəliyev hazırda Azərbaycanın ən böyük ağrısı olan Qarabağ problemi barədə danışıb, gəncləri vətənpərvər, mübariz olmağa səsləyiblər.
Qarabağ müharibəsi zamanı kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov, müharibə veteranı Arif Məhərrəmov və başqaları torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə baş verən hadisələrdən söz açıblar.
Digər çıxış edənlər Azərbaycanın ordu quruculuğu və idman sahəsində qazandığı uğurlardan danışıblar.
Tədbirdə gənclərdə vətənpərvərlik hissini aşılayan qısametrajlı film nümayiş olunub, milli ruhlu musiqi nömrələri səsləndirilib.