MƏDƏNİYYƏT
Tədqiqatçı filoloqun tərtibatında “Əyyub və Sənəm dastanı”
Bakı, 30 yanvar, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun doktorantı, tədqiqatçı filoloq Cəmilə Çiçəyin toplayaraq tərtib etdiyi “Əyyub və Sənəm dastanı” miniatür kitabı bu günlərdə nəfis tərtibatla işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Folklor İnstitutu elmi şurasının müvafiq qərarı ilə çap olunan kitabın məsləhətçisi professor Qəzənfər Paşayev, rəyçiləri akademiklər Kamal Abdulla, İsa Həbibbəyli və akademiyanın müxbir üzvü Muxtar İmanovdur.
Ölçüsü 45x55 mm olan 168 səhifədən ibarət bu kitab “Milli Zəka” jurnalının redaksiyasında çap olunub.
“Əyyub və Sənəm dastanı” yazılı ədəbiyyatla folklorun qovşağında yaranan yeni folklor nümunələrindəndir. Dastanda gənclərin sevgi münasibətlərindən, onların bir-birinə inamından, etibar hissindən, həya, ar və əxlaqi dəyərlərdən bəhs olunur. Eyni zamanda təmiz münasibətlərə yersiz valideyn müdaxiləsinin necə bir faciəyə yol açması da diqqətə çatdırılır.
Nəşrin elmi redaktoru və “Ön söz” müəllifi, professor Füzuli Bayat bildirib ki, C.Çiçək aşıq şeirləri əsasında dastan yaradan “toplayıcı”lardandır. Bundan əvvəl də o, “Aşıq Şəmşir və Səməd Vurğun” dastanını iki sənətkarın məktublaşmalarına və şeirlərinə əsaslanaraq tərtib edib.
F.Bayat yazır: “Əyyub və Sənəm dastanı” el şairi adı ilə tanınan Əyyub Cabbarovun şeirləri əsasında tərtib edilmişdir. Eşq dastanının strukturu üzərində işlənərək tərtib edilən bu dastan “Dirili Qurbani”, “Əsli-Kərəm” dastanları kimi nakam eşqə həsr edilmişdir. Bir az da avtobioqrafik səciyyə daşıyan bu dastanın şeirləri, deyişmələri şair Əyyub Cabbarova aiddirsə, dastanın yurd yeri dediyimiz nəsr qismi tərtibçi Cəmilə Çiçəyə məxsusdur”.
Kitabda müəllifin “Yaşayan, yaşadan ənənələr” başlıqlı yazısında ölkəmizdə milli mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər və dastanla bağlı fikirləri yer alıb.
Nəşrə Xalq Yazıçısı Anarın yazdığı “Son söz”də müəllifin zəhməti yüksək qiymətləndirilib.
Böyük zəhmət bahasına araya-ərsəyə gələn kitabda müəllif istifadə edilmiş ədəbiyyatın da siyahısını verib.