ELM VƏ TƏHSİL
Tədqiqatçılar unikal optik xüsusiyyətlərə malik şüşə hazırlayıblar
Bakı, 2 sentyabr, AZƏRTAC
Çikaqo Universitetinin alimləri tam təsadüf nəticəsində yeni şüşə növü ixtira ediblər. Məişətimizin bir hissəsini təşkil edən şüşə müəyyən kristal quruluşu olmayan amorf materialdır.
AZƏRTAC “DailyTexinfo” saytına istinadla xəbər verir ki, yeni növ şüşənin isə əksinə, nizamlanmış kristal strukturu var, bu materialın xassələrinin tədqiqi zamanı onun optik xüsusiyyətlərində “qeyri-adi səslər” eşidilib. Bu da gələcəkdə yüksək səmərəli yeni optik qurğuların və cihazların hazırlanmasında bu şüşəni tətbiq etməyə imkan verir.
Yeni şüşə növünü professor Xuan de Pablonun qrupu Mark Edicerin başçılığı ilə Viskonsin Universitetinin eksperimentçi alimləri ilə birlikdə əldə edib. Material silisium tərkibli böyük və mürəkkəb üzvi molekulların vakuum şəraitində buxarlanması yolu ilə əldə olunub.
Yeni növ şüşənin optik xüsusiyyətlərini əks etdirən cədvəllərdə qeyri-adi piklər və səslər aşkarlanıb. Tədqiqatçılar izah edirlər ki, bunlar materialın molekulyar strukturunun nizamlanması nəticəsində əmələ gəlib.
Qeyd edək ki, nizamlanmış strukturlu şüşələri yalnız məhdud parametrli proses çərçivəsində hazırlamaq mümkündür. Bunların ən başlıcası ətraf mühitin temperaturudur. Amma proses zamanı başqa temperatur diapazonlardan istifadə ediləndə əldə olunan birinci materialdan bir qədər fərqli molekulyar quruluşa malik materiallar ortaya çıxır.