ELM VƏ TƏHSİL
Tədqiqatların nəticələri əsasında landşaft-ekoloji karkas tərtib edilib
Bakı, 17 dekabr, Əziz Məmmədov, AZƏRTAC
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun əməkdaşları ilk dəfə olaraq coğrafi informasiya sistemi şəraitində kompleks yanaşma metodu ilə geosistemlərin struktur genetik komponentlərini tədqiq edib, landşaftların təbii resurs potensialını müəyyənləşdiriblər. Bundan başqa, həmin tədqiqatlar əsasında landşaft-ekoloji karkas və müvafiq irimiqyaslı xəritə tərtib olunub.
AMEA-nın Coğrafiya İnstitutu direktorunun müavini, akademiyanın müxbir üzvü Elbrus Əlizadə AZƏRTAC üçün verdiyi eksklüziv müsahibədə bu barədə məlumat verib. O deyib: “İnstitutumuzun elmi əməkdaşlarından coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov, Müseyib Yunusov, Elxan Məmmədbəyov və Səidə Zeynalova bu istiqamətdə böyük iş apararaq landşaft-ekoloji karkas və müvafiq irimiqyaslı xəritə tərtib ediblər”.