CƏMİYYƏT
Tədris Cərrahiyyə Klinikasında koxlear implant əməliyyatları uğurla aparılıb
Bakı, 23 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında aparılan koxlear implant əməliyyatları uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin tapşırığı ilə dörd xəstə əməliyyat edilib. Sevindirici haldır ki, artıq bu proses dövlət tərəfindən dəstəklənir. Belə ki, əməliyyat zamanı taxılan cihazlar Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub.
“Daxili qulağın protezləşməsi” əməliyyatları sayəsində anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsi bərpa edilir. Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz olunub.
Klinikanın qulaq-burun-boğaz şöbəsinin müdiri Yusif Hacıyev deyib ki, bu əməliyyatların uğurlu keçməsi üçün xəstələrin mümkün qədər tez - 4 yaşa qədər müraciət etməsi əsas şərtlərdən biridir. “Hazırda əməliyyat etdiyimiz uşaq 1 yaş 8 aylıqdır. Yəni biz artıq nitq inkişafının başlanğıcında bu körpəyə implant cihazı taxmış olduq. Bu uşaq artıq öz həmyaşıdlarından fərqlənməyəcək, danışığı da gecikməyəcək”, - deyə Y.Hacıyev bildirib.
Həkim bütün uşaqların vaxtında eşitmə müayinəsindən keçirilməsinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, əməliyyat zamanı eşitməyən uşaqların qulağına implant daxil edilir. Bu da körpələrin rahatlıqla eşitməsinə və danışmasına kömək edir.