SİYASƏT
Tehran və Təbrizdəki seçki məntəqələrində səsvermə başa çatıb
Tehran, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçirilən referendumla əlaqədar ölkəmizin Tehrandakı səfirliyində və Təbriz şəhərindəki baş konsulluğunda səsvermə prosesi başa çatıb.
Hər iki məntəqədə komissiya üzvləri nəzarətçilərin və müşahidəçilərin iştirakı ilə seçki qutularını açıb bülletenləri hesablayaraq protokollaşdırıblar. Hesablanmış bülletenlərin sayı və hesablamanın nəticələri haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verilib.
Tehran və Təbriz şəhərlərində yaradılan seçki məntəqələrində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilmişdi. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb. Hər iki məntəqə lazımi əyani vəsaitlərlə təmin edilmişdi. Səsvermə prosesinin Seçki Məcəlləsinin tələblərinə uyğun, səsvermə hüququna malik vətəndaşlarımızın referendumda iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılmışdı.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran