SİYASƏT


Tehranda Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib

Tehran, 2 iyul AZƏRTC

Azərbaycanın İrandakı səfirliyində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirilib. Qəbulda İran İslam Respublikası Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Tehrandakı səfirliklərinin hərbi attaşeləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən hərbi attaşe Emin Əzimzadə deyib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Hər il bu tarix rəsmi dövlət bayramı kimi təntənə ilə qeyd edilir.

Bildirilib ki, müasir Azərbaycan Ordusunun yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi işlərin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün Qafqaz regionunda ən güclü orduya malikdir.

Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyev müdafiə məsələlərini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının cəbhə bölgəsinə tez-tez səfər etməsi, hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, şəxsi heyətin qələbə əzmini möhkəmləndirir.

Bu gün Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı birləşmələrini hər an Dağlıq Qarabağdan və zəbt edilmiş digər ərazilərdən çıxarmaq iqtidarındadır. Lakin Azərbaycan humanizm prinsiplərini əsas tutaraq münaqişənin qan tökülmədən, sülh yolu ilə həll edilməsini istəyir. Əgər sülh danışıqları fayda verməsə, Azərbaycan Ordusu öz sözünü deyəcək.

Çıxışlardan sonra tədbir bədii proqramla davam edib.

Qəbulda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.