SİYASƏT


Tehranda Azərbaycanın Respublika Günü şərəfinə rəsmi qəbul keçirilib

Tehran, 23 may, AZƏRTAC

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub.

Qəbulda Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Xarici İşlər Nazirliyinin və parlamentinin nümayəndələri iştirak ediblər.

Səfirliyin həyətində quraşdırılmış böyük monitorda Azərbaycanın tarixi-mədəni abidələri, adət-ənənələri, mədəniyyəti haqqında film nümayiş olunub.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra açılış nitqi ilə çıxış edən ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov Müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci il mayın 28-də məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb. Bildirib ki, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilib. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə 28 May - Respublika Günü kimi qeyd edilir.

Xüsusilə vurğulanıb ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olmuş üç rəngli, ay-ulduzlu bayraq sonradan ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvollarına Prezident İlham Əliyev tərəfindən də xüsusi diqqət və qayğı ilə yanaşılır. Hər il Respublika Günü münasibətilə Bakının mərkəzində - İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidə ziyarət olunur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsini diqqətə çatdıran səfir deyib: “İşğalçı Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri var. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bütün sahələrdə əlaqələr dinamik inkişaf edir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. Azərbaycan və İran münasibətləri ortaq tarixə, mədəniyyətə, xalqlarımızın ənənəvi dostluğuna söykənir. Son 4 ildə Azərbaycan və İran prezidentləri 8 dəfə görüşüb, müxtəlif sahələri təmsil edən nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfərləri həyata keçirilib, 50-yə yaxın sənəd imzalanıb. 2016-cı ildə isə ölkələrimiz arasında ticarət dövriyyəsi 75 faizədək artıb”.

Qeyd olunub ki, tarixboyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən, Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Bakıda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçirilib.

Sonra çıxış edən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İran-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərini xatırladaraq, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə ümidvar olduğunu deyib.

Mərasim bədii proqramla davam edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.