İQTİSADİYYAT


Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin 7-ci görüşü keçirilib

A+ A

Tehran, 19 oktyabr AZƏRTAC

Oktyabrın 19-da Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin 7-ci görüşü keçirilib.

Görüşdə Qarşılıqlı İnzibati Yardım haqqında Sazişin müzakirəsi, qaçaqmalçılığa qarşı mübarizə sahəsində məlumat mübadiləsi və əməkdaşlığın gələcək perspektivləri haqqında müzakirələr aparılıb.

Tədbirdə İƏT-in Baş katibi İbrahim Halil Akça, İran Dövlət Gömrük İdarəsinin rəisi Məsud Kərbasian, İranın iqtisadiyyat naziri Əli Tayibniya və təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin rəhbərləri çıxış etdilər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək ölkəmizin gömrük xidməti haqqında məlumat verib. Komitə sədri qeyd edib ki, Azərbaycan gömrük xidmətinin əsas məqsədi ölkədə daha əlverişli ticarət və investisiya mühiti yaratmaqdan ibarətdir. Azərbaycan Respublikasının Prezidenti 2016-cı il martın 4-də “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən gömrük məmurları ilə vətəndaşların ünsiyyəti minimum həddə çatdırılıb və bütün sənədlər elektron formada qəbul edilir. Fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların qeydiyyatı proseduru da asanlaşıb. İslahatların vacib məqamından biri də idxal və ixrac əməliyyatları zamanı malların daşınması üçün “Yaşıl dəhlizin” yaradılmasıdır. Bundan başqa mavi, sarı və qırmızı dəhlizlər də var ki, bunlardan da istifadə zamanı elektron sənədləşmə tətbiq edilir. Malların hansı dəhlizdən keçməsi haqqında qərar isə risklər nəzərə alındıqdan sonra verilir. Bu proses avtomatlaşdırılmış elektron sistem tərəfindən həyata keçirilir. Bu sistemin tətbiqi Azərbaycanın aparıcı rol oynadığı “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin səmərəliliyini artıracaq. 2016-cı ilin avqust ayından başlayaraq Azərbaycan gömrük sistemində vahid avtomatlaşdırılmış elektron idarəetmə sistemi tətbiq edilir.

İştirakçıların nəzərinə çatdırılıb ki, cari ilin yanvar ayından gömrükdən keçən nəqliyyat vasitələrinin və malların sənədləşməsi üçün göstərilən gömrük xidmətləri üçün ödənişlər 70 faiz azaldılıb.

Müasir dünyada fəaliyyət göstərən gömrük orqanları texniki təchizat olmadan yük və sərnişinlərin daşınmasına nəzarət edə bilməzlər. Bunu nəzərə alan Azərbaycan Dövlət Gömrük Komitəsi daşınan stasionar nəzarət kompleksi və yük avtomobillərini yoxlamaq üçün rentgen aparatı alıb.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Bolqarıstan, Gürcüstan, Türkiyə, Qırğızıstan, Toqo, Əfqanıstan, Makedoniya, Monqolustanın gömrük xidmətlərinin əməkdaşları üçün Bakıda kurslar təşkil edilib. Bu ölkələrin gömrük xidmətlərinə xüsusi təlim keçmiş narkotik maddələri axtaran itlər hədiyyə edilib. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə gömrük xidmətinin ən vacib işlərindən biridir. Qaçaqmalçılar bütün imkanlardan istifadə edərək qanunsuz yollarla narkotik maddələri ölkə ərazisinə keçirməyə çalışırlar. Azərbaycanın gömrük orqanları narkotik maddələrin qaçaqmalçılığına qarşı uğurlu mübarizə aparır. Cari ilin ötən dövrü ərzində müxtəlif gömrük məntəqələrində gömrükçülər tərəfindən 1113 kiloqram heroin aşkar edilib. Aydın Əliyev qeyd edib ki, 2016-cı ildə Azərbaycan ilə İran arasında inzibati yardım haqqında saziş imzalanıb. Bu sazişə əsasən gömrük məntəqələrində mallar və nəqliyyat vasitələri haqqında məlumat mübadiləsi aparılır. Azərbaycanın Gömrük Komitəsi İƏT-ə üzv olan ölkələrin gömrük orqanları ilə əməkdaşlığa çox önəm verir. 2014-cü ilə Azərbaycan ilə Özbəkistan, 2015-ci ildə Azərbaycan ilə Türkiyənin gömrük qurumları arasında malların və nəqliyyat vasitələrinin nəzarəti haqqında məlumat mübadiləsinin aparılması haqqında razılıq əldə edilib. Hazırda Azərbaycan, Türkiyə və Türkmənistan arasında gömrük məsələlərinə dair birgə məsləhət komissiyasının yaradılması üçün danışıqlar aparılır.

Nəzərə çatdırılıb ki, cari ilin fevralında Dövlət Gömrük Komitəsi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında informasiya mübadiləsi haqqında müqavilə imzalanıb. Müqavilənin məqsədi ölkə ərazisinə vaxtı keçmiş ərzaq məhsullarının və keyfiyyətsiz malların idxalının qarşısını almaqdan ibarətdir. A.Əliyev kadrların hazırlanması barədə danışaraq Bakıda Gömrük Akademiyasının fəaliyyəti barədə məlumat verib.

Tədbirdə İƏT-ə üzv ölkələrin gömrük orqanlarının rəhbərlərinin çıxışları dinlənilib, “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” və “Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” sazişlərin hazırlanması və həyata keçirilməsinə dair müzakirələr aparılıb.

İclasın sonunda “Məlumat mübadiləsi sistemi üzrə texniki təminat sənədi” imzalanıb.

Tədbirdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.