CƏMİYYƏT
Tehranda İran və Azərbaycanın sərhəd komandanlarının 10-cu iclası keçirilib
Tehran, 3 dekabr AZƏRTAC
Bu gün Tehranda İran və Azərbaycanın sərhəd komandanlarının 10-cu iclası keçirilib. İclasda sərhəd məsələləri üzər müxtəlif sahələrdə müştərək əməkdaşlıq məsələləri müzakirə edilib.
İclasda çıxış edən İran Sərhəd Qoşunlarının komandanı Qasim Rezayi iki ölkənin sərhədlərindən qeyri-qanunu keçidin baş vermədiyini deyib. O bildirib ki, iki ölkə sərhədçilərinin əməkdaşlığı nəticəsində qaçaqmalçılıq halları baş vermir. Hazırda İran-Azərbaycan sərhədində problem yaşanmır.
Nəzərə çatdırılıb ki, İran ilə Azərbaycan 759 kilometr quru sərhədə malikdir və bu amil ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsini tələb edir.
Q.Rezayinin sözlərinə görə, ötən 10 il ərzində müxtəlif vaxtlarda iki ölkənin sərhədçiləri arasında on iclas keçirilib. Ötən il iki ölkənin sərhəd komandirlərinin Bakıda keçirilən iclasında bir sıra sənədlər imzalanıb. Həmin sənədlərin bir qismi icra olunub.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev iki ölkə arasında əlaqələrin və sərhədlərdə təhlükəsizlik təminatının yüksək səviyyədə olduğunu qeyd edib. O deyib ki, prezidentlər İlham Əliyev və Həsən Ruhani arasındakı səmimi görüşlər ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradıb.
E.Quliyev hər iki ölkənin sərhəd xidməti rəhbərlərinin Naxçıvanda, Parsabadda, Bakıda keçirilən görüşlərin nəticəsi olaraq, vətəndaşların sərhəddən keçməsində rahatlığın təmin olunduğunu qeyd edib.
Nəzərə çatdırıb ki, Azərbaycan-İran sərhədində heç bir problem yoxdur. 2017-ci ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişinlərin və tranzit keçidin həcmi 30 faiz artıb. Bu artım iki ölkənin qarşılıqlı əməkdaşlığı nəticəsində baş verib.
E.Quliyev bildirib ki, Azərbaycan və İran vətəndaşlarının qarşılıqlı səfərləri də artıb. Ötən illə müqayisədə keçid məntəqələrindən daxil olan şikayətlərinin sayı azalıb.
Tədbirdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
İclasda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran