DÜNYA
Tehranda çökən binada xilasetmə işlərinə ordu hissələri də cəlb olunub
Tehran, 19 yanvar, AZƏRTAC
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Tehranın mərkəzindəki 17 mərtəbəli binada güclü yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər binaya daxil olaraq yanğını söndürməyə başlayıblar. Bu zaman bina çöküb və ən azı 40 yanğınsöndürən dağıntılar altında qalıb.
Hadisə yerinə gələn Tehran Baş Polis İdarəsinin rəisi M.Sacidiyan jurnalistlərə bildirib ki, Cumhuriyə küçəsi bağlanılıb, yanğın söndürülüb və xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə yanğınsöndürənlərlə yanaşı, Tehran yaxınlığındakı hərbi hissələrin şəxsi heyəti də cəlb olunub. Binanın çökməsi zamanı ölənlərin olduğunu təsdiq edən rəis bildirib ki, hələlik ölən və yaralananların sayı haqqında məlumat yoxdur. Dəqiq məlumat xilasetmə işlərindən sonra veriləcək.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani daxili işlər nazirinə təlimat verərək qəzanın dəqiqliklə araşdırılmasını tapşırıb. Prezident Həsən Ruhani hadisə zamanı ölənlərin ailələrinə başsağlığı verərək bu kədərli hadisədən təəssüf hissi keçirdiyini bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran