CƏMİYYƏT
Tehranda təşkil olunan sərgi-yarmarkada Azərbaycan guşəsi fərqlənib
Tehran, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin xanımı Məryəm İmaniyyə Zərifin və İran Diplomatik Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Tehranda xeyriyyə məqsədilə sərgi-yarmarka təşkil olunub.
Xeyriyyə tədbirinin keçirilməsində əsas məqsəd İran ali məktəblərində təhsil alan imkansız və yoxsul tələbələrə yardım etməkdir. Sərgi-yarmarkada 20-dək ölkənin, o cümlədən Azərbaycan, Çin, Malayziya, İndoneziya, Filippin, Tunis, Venesuela və Özbəkistanın İranda akkreditə olunmuş diplomatları, habelə iranlı sənətkarlar iştirak ediblər.
Azərbaycan mədəniyyətinin ayrı-ayrı sahələrinə həsr edilən maraqlı kitab və jurnallar, müxtəlif suvenirlər, dövlət rəmzləri və digər eksponatlar, həmçinin "Ordubad mürəbbələri" və "Bizim tarla" mürəbbələri, eləcə də "Azerçay" çayı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Məryəm İmaniyyə Zərif Azərbaycan səfirliyinin hər il keçirilən xeyriyyə tədbirlərində fəal iştirakından məmnunluğunu ifadə edib.
Sərgi-yarmarkanın ziyarətçilərinin əksəriyyəti Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər etdiklərini və bu şəhərin onlarda xoş təəssüratlar yaratdığını bildiriblər.
Qonaqlar Azərbaycanın İrandakı səfirliyi tərəfindən sərgi-yarmarkaya təqdim olunan milli şirniyyatlardan da dadıblar.
Sərgi-yarmarkada satışa çıxarılmış milli nemətlərdən əldə olunan vəsait səfirlik tərəfindən imkansız tələbələrə yardım məqsədilə sərginin Təşkilat Komitəsinə təhvil verilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran