DÜNYA


Tehranda ustad şair Şəhriyarın anım mərasimi keçirilib

A+ A

Tehran, 18 sentyabr, AZƏRTAC

XX əsr Azərbaycan və fars ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məmmədhüseyn Şəhriyarın vəfatının 28-ci ildönümü ilə əlaqədar Tehranda ədibin xatirəsi yad edilib.

Tehranın möhtəşəm “Vəhdət” salonunda keçirilən tədbirə qatılan İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti şairin yaradıcılığından danışaraq onu bütün müsəlman aləminin fəxri adlandırıb.

Qeyd olunub ki, İran və Azərbaycan poeziyasının görkəmli simalarından olan M.Şəhriyar 1904-cu ildə Təbrizin yaxınlığındakı Heydər Baba kəndində anadan olub. İlk təsilini Təbriz mədrəsəsində alan Şəhriyar Tehranda tibb universitetinə qəbul olur. Lakin ali təhsilini yarımçıq qoyan şair müxtəlif dövlət idarələrində işləyərək şeirlər yazmağa başlayır. Yazdığı şeirlərlə qısa müddətdə məşhurlaşan Şəhriyar İranın müasir Sədi Şirazisi ləqəbini qazanıb. Fars dilini də mükəmməl bilən şairin bu dildəki şeirləri indi də dillər əzbəridir. 1988-ci ilin sentyabrın 18-də vəfat edən böyük ustad özündən sonra böyük irs qoyub.

Mərasimdə İranın enerji naziri Həmid Çitçiyan, Tasnim xəbər agentliyinin türk dili bölməsinin redaktoru doktor Əsgəri Fərdi və başqaları çıxış edərək şairin yaradıcılığından, onun həyatının müxtəlif məqamlarından söz açıblar.

Çıxışlardan sonra Tehran simfonik orkestrinin ifasında Şəhriyarın yazdığı şeirlərə bəstələnmiş mahnılar Azərbaycan və fars dillərində səsləndirilib.

Məmmədhüseyn Şəhriyarın vəfatı günü İranda rəsmi olaraq ədəbiyyat və şeir günü kimi qeyd edilir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.