ELM VƏ TƏHSİL


“Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib

Bakı, 6 iyun, AZƏRTAC

Bakıda Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) hazırlanan “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA rəyasət heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov “Təhsil-Elm-Start up İnnovasiya modeli”nin əhəmiyyətini qeyd edib, onun Azərbaycanda elm və təhsilin inkişafına töhfə verəcəyini vurğulayıb.

Ə.Sadıqov AMEA-da son illər elm və təhsilin inteqrasiyası sahəsində həyata keçirilən islahatlar, elmi tədqiqatların istehsalata tətbiqi, magistratura təhsili, beynəlxalq elmi qurumlarla əməkdaşlıq perspektivləri barədə məlumat verib.

Təhsil nazirinin müşaviri Həsən Həsənli elm, təhsil və innovasiyaların inkişafı ilə bağlı Avropa İttifaqının təcrübəsinin əhəmiyyətini qeyd edib. O, bu təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqində xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində təhsil almış azərbaycanlı tələbələrin böyük rolu olduğunu bildirib. H.Həsənli Təhsil Nazirliyi ilə AMEA arasında sıx əməkdaşlıq və bunun bariz nümunəsi kimi “SABAH” qruplarının AMEA-da təcrübə keçməsi ilə bağlı məlumat verib.

Seminarda Rumıniyanın Babeş-Boyyayi Universiteti və Texnologiya İnstitutunun əməkdaşı Kristina Dobrota, Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetinin professoru Diana Kopeva, İspanıyanın La Laguna Universitetinin baş direktoru Qvintero Leon, Sloveniyanın Lyublyana Texnologiya parkının əməkdaşı Domen Bole “Təhsil-Elm-Start up İnnovasiya modeli” sahəsində Avropa İttifaqı ölkələrinin əldə etdiyi son nailiyyətlər, universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığın uğurlu nəticələri, dünyada texnologiyaların inkişafının yeni inkişaf istiqamətləri barədə məruzələrlə çıxış ediblər.

Ekspertlər “Təhsil-Elm-Start up İnnovasiya modeli”nin inkişaf etdirilməsi üçün Avropa İttifaqının tövsiyələrini iştirakçıların diqqətinə çatdırıblar. Müzakirə formatında keçən tədbirdə ekspertlər iştirakçıların suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.