ELM VƏ TƏHSİL
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu təlim proqramları reallaşdırır
Bakı, 26 aprel, AZƏRTAC
Texnoloji alətlərlə zəngin olan dərs şagirdlərə öz qabiliyyətlərini daha yaxşı nümayiş etdirməyə imkan yaradır. Belə ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİ) informasiya kommunikasiya texnologiyalarından (İKT) məqsədyönlü və ehtiyaca uyğun istifadə etmək istəyənlər üçün “MS Office proqramlarından istifadə etməklə tədris resurslarının hazırlanması”, “İnternetdən təhsildə istifadə imkanları: Veb.2 alətləri” və “Promethean” ağıllı lövhədən istifadə” təlim proqramlarını reallaşdırır.
TİPİ-dən AZƏRTAC-a bildiriblər ki, təlim proqramlarına İKT-ni təhsildə səmərəli tətbiq etmək istəyən müəllimlər, tələbələr qatıla bilərlər. Gələcəkdə müəllim kimi işləmək istəyənlərin də iştirak edə biləcəyi təlimlər nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşması istiqamətində aparılır.