QAN YADDAŞI
Təhsil Kompleksində 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Səbail Rayon İcra Hakimiyyəti ilə birgə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Məktəbin şagirdlərinin çəkdikləri “20 Yanvar-27 il!” adlı qısametrajlı film nümayiş etdirilib.
Təhsil Kompleksindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru, Əməkdar Müəllim Sara Xanlarova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və digər şəhər və rayonlarımızda törətdiyi qanlı cinayətlərdən danışıb. Bildirilib ki, 20 Yanvar faciəsindən 27 il keçir, lakin o müdhiş gecə heç zaman yaddan çıxmayacaq.
Qara Yanvarda gülləyə tuş gələn insanlar arasında məktəblilərin də olduğunu qeyd edən direktor bildirib ki, 13 yaşlı şəhid Larisa Məmmədova məktəbimizin şagirdi idi.
S.Xanlarova 20 Yanvar hadisələri ilə əlaqədar ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında kəskin bəyanatla çıxış etdiyini və cinayətkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini diqqətə çatdırıb.
Direktor şəhidlərin xatirəsinin daim əziz tutulduğunu vurğulayıb.
Sonra ədəbi-bədii kompozisiya və məktəblilərin əl işlərindən ibarət “Qanlı Yanvar” adlı sərgi nümayiş etdirilib.