ELM VƏ TƏHSİL
Təhsil Kompleksində Bilik günü qeyd olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Bilik gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışan direktor Azərbaycanın çox sürətlə tərəqqi etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu diqqətə çatdırıb.
S.Xanlarova Təhsil Kompleksinin tarixi, inkişaf mərhələləri barədə geniş məlumat verib. Bildirilib ki, ölkə Prezidentinin tapşırığı ilə təhsil müəssisəsi 2010-cu ildə əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunub.
Təhsil Kompleksində şagirdlərə bir neçə xarici dilin öyrədilməsi qarşıya məqsəd qoyulub. Burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir.
Direktor, həmçinin təhsil müəssisəsinin nəzdində “Ana məktəb”in fəaliyyət göstərdiyini xatırladıb. Qeyd edilib ki, bu təhsil modeli fransız təhsil sisteminin bir nümunəsidir. Modelin əsas məqsədi uşaqların üç yaşdan tam məktəb təliminə hazırlanması və erkən yaş dövründən xarici dillərin öyrədilməsidir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı və digər çıxış edənlər də təhsilimizə göstərilən dövlət qayğısından bəhs edib, müəllim və şagirdlərə təhsildə nailiyyətlər arzulayıblar.
Tədbirdə məktəblilər maraqlı konsert proqramı ilə çıxış ediblər.
Sonra ilk zəng çalınıb.