ELM VƏ TƏHSİL
Təhsil Kompleksində “Rusiya Günü” adlı tədbir olub
Bakı, 26 may, AZƏRTAC
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində “Rusiya Günü” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət himnləri səsləndirilib.
Təhsil Kompleksindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə direktor, əməkdar müəllim Sara Xanlarova məktəbin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, burada müxtəlif dillərin tədris olunduğundan danışıb. Qeyd edilib ki, beynəlxalq status almış ilk dövlət məktəbi kimi Təhsil Kompleksi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoyub. Burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir.
S.Xanlarova, həmçinin Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən Ana Məktəb barədə məlumat verib və qeyd edib ki, bu təhsil modeli fransız təhsil sisteminin bir nümunəsidir. Modelin əsas məqsədi uşaqların üç yaşdan tam məktəb təliminə hazırlanması və onlara xarici dillərin öyrədilməsidir.
Rusiyanın Azərbaycandakı səfirliyinin böyük məsləhətçisi Aleksandr Qladkov ölkəsi ilə Azərbaycanın əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.
İki ölkənin təhsil sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayan qonaq bu sahədə əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Sonra Ana Məktəb şagirdlərinin iştirakı ilə rus dilində ədəbi-bədii kompozisiya nümayiş olunub.