ELM VƏ TƏHSİL
Təhsil Kompleksində professor Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş “Kamillik və mənəviyyat zirvəsində” adlı tədbir keçirilib
Bakı, 9 oktyabr, İbrahim Əsədov, AZƏRTAC
Oktyabrın 9-da Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində böyük şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida İmanquliyevanın anadan olmasının 76-cı ildönümünə həsr edilmiş “Kamillik və mənəviyyat zirvəsində” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən film göstərilib.
Tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova, məktəbin məzunu, böyük şərqşünas alim və pedaqoq, professor Aida İmanquliyevanın mənalı və şərəfli, nəsillərə layiqli örnək olan həyat yolundan, Azərbaycan şərqşünaslığına, ümumilikdə dünya şərqşünaslığına, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıb.
Vurğulanıb ki, Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən Aida xanım qısa, amma çox şərəfli həyat yaşayıb. Ziyalı ailəsində dünyaya gələn professor Aida İmanquliyevanın atası - milli jurnalistikamızın patriarxlarından sayılan Nəsir İmanquliyev Azərbaycan mətbuatının əsaslarının yaradılmasında müstəsna xidmətlər göstərib.
Aida İmanquliyeva 1957-ci ildə 132 nömrəli orta məktəbi (132-134 nömrəli Təhsil Kompleksi) qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1966-cı ildə Moskvada namizədlik, 1989-cu ildə Tbilisidə doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışan alim 1991-ci ildən ömrünün sonunadək bu elm müəssisəsinə rəhbərlik edib.
“Mixail Nüaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran” “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyalarının və müxtəlif mövzularda elmi məqalələrin müəllifi olan Aida İmanquliyevanın əsərləri bütün dünyada böyük maraq doğurub.
S. Xanlarova professor A. İmanquliyevanın pedaqoji, tərcüməçilik sahəsindəki səmərəli fəaliyyətindən də bəhs edib. Qeyd olunub ki, alimin Bakı Dövlət Universitetində yüksək ixtisaslı ərəbşünas mütəxəssislərin hazırlanmasında mühüm rolu olub.
Professor Aida İmanquliyevanın nəcib, gözəl insan, ana, həyat yoldaşı olduğunu qeyd edən S. Xanlarova, alimin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.
Təhsil Kompleksinin müəllimi Gülnarə Məmmədova tələbəsi olduğu Aida İmanquliyevanın gözəl müəllim, böyük, nüfuzlu alim, mehriban insan olduğunu bildirib, onun əsərlərinin əhəmiyyətindən danışıb.
Tədbirdə məktəblilər alimin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanı Azərbaycan və ərəb dillərində nümayiş etdiriblər.