ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi Peşə Təhsili Dövlət Agentliyinin yaradılmasını təklif edir
Bakı, 13 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyi əlavə ştatlar tələb olunmadan daxili ixtisarlar hesabına peşə təhsili sisteminin yenidən qurulması və işəgötürənlərin tələblərinə cavab verən, əmək bazarında dəyişən şəraitə çevik və adekvat təklif verməyə qadir ilk-peşə ixtisas proqramlarının işlənib hazırlanması üçün Peşə Təhsili Dövlət Agentliyinin yaradılması təklifini irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov səsləndirib.
M.Cabbarov deyib: “Hesab edirik ki, gənclərin tələbat olan işçi ixtisaslarına yiyələnməsi üçün yeni mexanizmlər tapılmalıdır. Bununla yanaşı, ümumi təhsil müəssisələrində IX sinfin yekununda yüksək akademik nailiyyətlər əldə etməyən şagirdlər üçün peşəyönümlü siniflərin yaradılması konsepsiyası üzərində işə başlanılmışdır”.