ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi martda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistikanı açıqlayıb
Bakı, 1 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin martında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5.340 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 2,4 dəfə çox) və Kommutator xidmətinə 3.000-dək zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 2.884 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Sorğularına uyğun olaraq, 337 vətəndaş elektron qaydada nazirliyin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 897 sənəd (256 ərizə, 504 məktub, 137 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpa və köçürülmə, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.