ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi yeni layihənin həyata keçirilməsinə başlayıb
Bakı, 21 noyabr, AZƏRTAC
Təhsil Nazirliyi şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas qayəsi təhsil müəssisələrinin nəzdində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanış olması üçün şəraitin yaradılmasından ibarətdir.
Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə səmərəli oxu vərdişlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılması və təbliğinə nail olunması layihənin əsas hədəfləri sırasındadır.
Layihədə təhsil müəssisələrinin I-XI sinif şagirdləri, müəllimlər və valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulub.