ELM VƏ TƏHSİL
Təhsil Nazirliyində İslamiadada yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri və könüllülər mükafatlandırılıb
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Təhsil Nazirliyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələrinin, yarışların təşkilində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülərinin təltif olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin təhsilə və idmana böyük önəm verdiyini vurğulayıb, ölkəmizdə bu sahələrin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. Nazir IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edilməsində 11 mindən çox tələbə-könüllünün xüsusi rolu olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, könüllülərin fəaliyyəti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən yüksək dəyərləndirilib.
M.Cabbarov “Bakı-2017”nin qalibləri arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər, idman məktəblərinin 18 nəfər idmançısının yer aldığını, 4 qızıl və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıldığını bildirib.
Sonra İslamiadada yüksək nəticə göstərən idman məktəblərinin yetirmələrinə, eləcə də könüllülərə diplom və təşəkkürnamələr təqdim olunub.