ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinə daxil olan müraciətlər dərhal cavablandırılıb
Bakı, 3 avqust, AZƏRTAC
Təhsil Nazirliyinə iyul ayında daxil olan zənglərlə və vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ötən ay Təhsil Nazirliyinin vətəndaşlarla iş bölməsinə ümumilikdə 27 min 993 müraciət daxil olub. Bu dövrdə Telefon Məlumat Mərkəzində 22 848 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə 5 145 vətəndaşa xidmət göstərilib.
Əsasən sorğu xarakterli olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılaraq operativ həll edilib.
Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, uşaqların ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbulu, xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.